» » Ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərə baxışı

Ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərə baxışı

05 Noyabr 2018, Bazar ertəsi
96

Bir ölkənin, bir millətin, bir xalqın var olması onun dövlətçilik ənənələri ilə yanaşı, həm də milli-mənəvi dəyərlərinin zənginliyi, onların qorunması və təbliğatı əsasında formalaşır.

Milli dəyərlər dedikdə, millətin özünəməxsus və millətin keçmişini əks etdirərək bugününə qədər gəlib çatan dəyərləri nəzərdə tutulur. Milli adət ənənələrimiz, mədəniyyətimiz, musiqimiz, tariximiz, ana dilimiz, qəhrəmanlıq dastanlarımız, nağıllarımız, şeirimiz, poetikamız bu milli dəyərlərimizi əhatə edir. Milli mənəvi dəyərlərimizdən ən önəmlisi də bizim ana dilimizdir. Unutmamalıyıq ki, yad dildə danışan dövlət milli ola bilməz. 

Mənəvi dəyərlər bütünlüklə insanlığa məxsus olan dəyərlərdir. İnsanların mənəvi dəyərlərinəonun xeyirxahlığa aid olan xüsusiyyətləri, ədalət duyğusu, azad fikirli olması və insanlıq üçün lazım olan ümümi xüsusiyyətlər dəyərlər aiddir. Məhz elə bu xüsusiyyətlərlə,bu mənəvi dəyərlərlə insanlar hər yerdə bir-birindən fərqlənir və dünyada da xalq olaraq, millət olaraq bu dəyərlərlə tanınırlar. Mənəvi dəyərlər də milli dəyərlərlə birləşdikdə artıq bizim Azərbaycanımızın mənəvi dəyərləri formalaşır.

Tarixən formalaşmış adət ənənələrimiz, mental baxışlardan qaynaqlanan mənəvi-əxlaqi dəyərlər hər bir xalqın milliliyinin, kamillik səviyyəsinin təcəssümü olmaqla yanaşı, həm də bəşər sivilizasiyasına bəxş olunmuş hədiyyədir. Milli kimliyi ifadə edən bu dəyərlər, eyni zamanda, hər bir xalqın toxunulmaz xəzinəsidir. Bunun üçün bizim ilk öncə dəyərli şəxsiyyətlərimizə və onların fikirlərinə hörmətlə yanaşmağımız və onları qorumağımız vacibdir. Əgər onlar olmazsa, heç bir mənəvi dəyərdən və inkişafdan söhbət gedə bilməz.

Azərbaycan xalqı əsrlər boyu formalaşmış yüksək mənəvi dəyərlərini min bir çətinliklə qoruyaraq bügünümüzə qədər gəlib çatmasında böyük şücaət göstərmişdir. Azərbaycanın Respublikasının müstəqil Azərbaycan olaraq tanınmasında, cəmiyyətimizin genetik yaddaşını, milli irsinin qorunmasında və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi ən çətin vəzifə isə məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlamaq olar. O hər zaman ölkənin ən ağır dövrlərində belə, hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini də müasir dövrümüzün aktual problemlərindən birinə çevirmişdir. Bu yerdə onun sözlərini xatırlamaq yerinə düşər: “Milli-mənəvi dəyərlərini qoruyub saxlamış xalq həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir”.

Heydər Əliyevin öz vətəninə, xalqına, milli adət və ənənələrinə bağlılığıhər bir azərbaycanlıya gözəl nümunə olaraq, həm də bütövlükdə xalqın genetik yaddaşını qorudu. Bu dahi şəxsiyyət keçmiş sovetlər dövründə belə, türkdilli xalqların min illərin sınağından çıxmış mədəniyyətinə, tarixinə, ənənəsinə həddən artıq bağlı olmaqla yanaşı, onların qorunması üçün əlindən gələni əsirgəmədi.Tarixboyu yalnız milli iradənin, irs və ənənələrin, düşüncə sisteminin parlaq təzahürü kimi yaranmış dövlət modeli sərt və mürəkkəb sınaqlar qarşısında mübarizə apararaq inkişafın əsasına çevrilmişdir.

Sağlam mənəviyyatlı, yüksək ixtisaslı insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün problemləri asanlıqla həll edir. Cəmiyyətin sağlamlığını çoxlu əlamətlərdə axtarmaq olar, lakin bu əlamətlərin hamısı əsas bir göstəricidə özünü büruzə verir: ölkənin iqtisadi və mənəvi tərəqqi sürətində. Biz Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahidiyik. Bu sürət bütün dünyanı da heyran qoymuşdur.

İnkişaf edən dünyada gələcək uğurlara nail olmaq üçün sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Buna görə dəmilli mənəvi dəyərlərimizin yox olmamasında, qorunub saxlanılmasında ən böyük rolilk növbədə valideynlərinin və təhsil müəssisələrinin üzərinə düşməklə yanaşı, həm də medianın da üzərinə düşür. Ulu öndər bütün həyatını, ömrünü, ağlını, zəkasını böyük milli məqsədlərə sərf edərək media işçiləri ilə hər zaman sıx əlaqədə olmuş və onların uğurlu addımlarını diqqətdənkənar qoymamış, mükafatlandırmışdır. Hər dövrdə, hər cəmiyyətdə tərbiyə o halda uğurlu olur ki, onun əyani şəxsi nümunəsi olsun. Onun ana dilimizdə səlis nitqi bu dahi insanı əbədi olaraq millilik rəmzi kimi anmağımız üçün kifayətdir. H.Əliyev böyük ədəbi yubileyləri xalqın varlığını üzə çıxarmaq, onun milli tarixini araşdırıb təbliğ etmək formasına çevirdi. O, haqlı olaraq hesab edirdi ki, 70 illik sovet hökuməti zamanında xalqımız misilsiz tərəqqi yolu keçib və başlıcası isə, müstəqillik üçün iqtisadi və dövləti əsaslar yaradıb. Həmin əsaslar olmadan indiki müstəqil dövlətimizin varlığı da mümkün deyildi. H. Əliyev sovet vaxtı yaranmış mədəniyyətimizə böyük məhəbbətlə yanaşır və bunu bizə aşılamağa çalışırdı.

Onun bu səlis və gözəl nitq qabiliyyəti onun genetik yaddaşından gəlirdi. Heydər Əliyev bu dilin parlaq təcəssümü olan bir mühitdə, sadə azərbaycanlı ailəsində formalaşmışdı.

O, ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin etmişdi.

H.Əliyev xalqın milli-mənəvi dəyərlər sistemində ailənin rolunu daim müstəsna dəyərləndirirdi. O, ailəni ülvi və müqəddəs dəyərlərin tərənnümçüsü kimi qiymətləndirir, xalqın mənəvi kamillik səviyyəsinin təmin olunmasında, genefondunun saflığının qorunmasında əhəmiyyətini daim önə çəkirdi.  H. Əliyev müdrik dövlət rəhbəri olmaqla yanaşı, həm də mütərəqqi azərbaycanlı dəyərlərini parlaq şəxsiyyətində yaşadan, cəmiyyət üçün örnək sayılan ailə başçısı idi. 

Bu gün ulu öndərin ali ideallarının gerçəkləşməsində onun layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevlə birgə onun xanımı, Mehriban Əliyeva da rolu böyükdür.

Onunrəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Azərbaycan xalqının ona məhəbbətinin, inamının əsasında dövlətimizin başçısının liderlik keyfiyyətləri dayanır. Onu xalqa sevdirən ən mühüm xüsusiyyəti əsl dövlət başçısına xas qətiyyət, atdığı hər bir addımda milli maraqları öndə tutmasıdır. Prezident İlham Əliyevin verdiyi hər bir qərar Azərbaycan dövlətinin milli maraqlarına hesablanır. Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansısa mərhələsində unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Onun üzərinə götürdüyü bu xeyirxah missiya tarixi bir qanunauyğunluq, həyatın diktə etdiyi ilahi harmoniyadır.

Onların birgə fəaliyyəti milli-mədəni incilərin qorunub saxlanılması, tarixi abidələrin bərpası, dünya miqyasında təbliği ilə yanaşı, saf və nəcib dəyərlərin ictimai şüurda möhkəmlənməsinə, özünə güclü dayaqlar tapmasına səbəb olmuşdur. Heydər Əliyev Fondu xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə diqqət və qayğı ilə yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasına və təbliğinə ciddi dəstək verir. Onun təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ortaq xətt isə məhz milli genefondun qorunması, saf dəyər və duyğuların ictimai şüurda intişar tapmasıdır. Bu, dünyanın M.Əliyevanın timsalında bütün Azərbaycan xalqına, milli mədəniyyətimizə, folklorumuza, tariximizə, dilimizə, incəsənətimizə göstərdiyi diqqət kimi qəbul olunmalıdır.

H. Əliyev həm də erməni fitnəkarlığına qarşı mübarizə rəmzi idi. Müstəqillik dövründə ağır problemlər yenidən qarşımıza çıxdı. Ölkəmizin ərazilərinin bir hissəsi işğal olundu. Bu gün Dağlıq Qarabağ məsələsi şagirdlərə milli yaddaş tərbiyəsinin tərkib hissəsi kimi izah olunur. H. Əliyev bioqrafiyasının əsas xətlərindən biri də onun erməni fitnəkarlığına qarşı mübarizəsidir. Respublikanın heç bir rəhbəri Azərbaycanda erməni fitnəsinə qarşı ulu öndər qədər ardıcıl və sərt mübarizə aparmayıb. Bu mübarizənin dərsləri bu gün çox aktualdır, ondan hər bir müəllim təcrübəsində faydalana bilər və faydalanmalıdır.

Azərbaycana rəhbərlik etdiyi dövr ərzində Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərini sevərək öz varlığında yaşadıb, əməllərində bu dəyərləri müqəddəs, toxunulmaz bir xəzinə kimi qoruyub, onun əbədiyaşarlığını təmin edib.  "Ən böyük şəxsiyyətlər özlərindən çox mənsub olduqları cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını həsr edən insanlardır"

Hal-hazırda tariximizə aid işğal olunmuş torpaqlarımızın bəzi adət ənənələri yox olmaq üzrədir.Halbuki bunlar da bizim milli mənəvi dəyərlərimizin ən vacib məqamlarından hesab olunur. Və müxtəlif bölgələrdə məskunlaşan məcburi köçkünlərimiz bu milli mənəvi dəyərlərin qorunmasını tam olaraq təmin edə bilmir. Yaşlı nəsillər də dünyasını dəyişdikdən sonrabu adət ənənələrin tamamilə məhv olması danılmazdır. Məhz ona görə, bu adət-ənənlər mütəmadi olaraq dərsliklərə əlavə olunaraq təbliğ olunmalı, mediada bu mövzuda məqalələr işıqlandırılmalı, televiziya və sosial şəbəkələrdə bu mövzuda video çarxlar hazırlanıb paylaşılmalıdır ki, gələcək nəsil bu mənəviyyatdan məhrum olmasın.

Çünki milli mənəvi dəyərlər keçmişimiz, bugünümüz və gələcəyimizdir. Onu qorumaq sənin, mənim, bütün Azərbaycanlının ən əsas borcudur.


Məhsəti Hüseynova

Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun “Media və mənəvi dəyərlər” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.


Rəy bildir
Прокомментировать
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız